Oxucu sual verir: Qız uşaqları 9 yaşı tamam olandan namaza başlamalıdırlar yoxsa ilk heyz müddətindən?
Şəriətimiz həddi-büluğa çatmış şəxslərin dini cəhətdən mükəlləf, yəni vəzifəli sayıldığını, vacib ibadətləri yerinə yetirməyə başalamalı olduğunu buyurur. Həmin vaxtdan etibarən şəxs Allah və cəmiyyət qarşısında öz əməllərinə görə sorumlu sayılır. Həddi-büluğun (yetkinliyin) həm fiziki, həm də yaş cəhətdən əlamətləri vardır. Qız uşaqlarında heyz dövrünün başlaması, bədəndə cod tüklərin bitməsi yetkinliyin fiziki əlaməti hesab edilir. Bununla yanaşı, qəməri təqvimlə (Ay təqvimi ilə) 9 yaşın tamam olması da qızların yetkinliyə çatdığını göstərir. Qəməri təqvim Günəş təqvimindən təxminən 11 gün qısa olduğu üçün qızların yetkinlik yaşı miladi təqvimlə təxminən 8 yaş 9 aya uyğundur. Fiziki və yaş əlamətlərindən hansı biri daha tez müşahidə edilərsə, o zaman qız yetkin sayılır. Belə ki, əgər 9 qəməri yaşı tamam olmazdan əvvəl qızda fiziki əlamətlər görünsə, yetkinlik sübuta yetir. Əgər o vaxta kimi fiziki əlamətlər aşkar olmasa, 9 qəməri yaşın tamam olması yetkinlik üçün kifayət edər. Qeyd edək ki, yetkinliklə bağlı alimlər arasında bəzi fikir ayrılıqları vardır və yuxarıda qeyd edilmiş fikir daha geniş yayılmış ənənəvi mövqeni əks etdirir.