Oxucu sual verir: Şəriət kitablarında rast gəlinən “böyük hədəs” və “kiçik hədəs” terminlərinin mənası nədir?
“Hədəs” – “hadisə” sözü ilə eyni kökdəndir, baş vermiş, yaranmış olay mənasını verir. Şəriət kitablarında insanın paklıq halının pozulmasına gətirib-çıxaran halları “hədəs” adlandırırlar. Hədəs halı iki qismə bölünür: böyük hədəs və kiçik hədəs. Bu bölgü paklığın pozulma ağırlığından asılı olaraq aparılıb. Belə ki, qüsl edilməsi tələb olunan hallar böyük hədəs, dəstəmaz alınması tələb edilən hallar isə kiçik hədəs sayılır. Məsələn, hər hansı yolla bədəndən məni (sperma) çıxması insanın öhdəsinə qüsl gətirir və buna böyük hədəs deyirlər. Ayaqyoluna getmək, bədəndən yel çıxması kimi hallar isə dəstəmaz tələb edir və bunları kiçik hədəs adlandırırlar.