Oxucu sual verir: “Axund” sözünün mənası nədir?
Axund dini ənənəyə uyğun olaraq ruhanilərə verilən addır. XV əsrdən bəri müsəlman ölkələrində bu addan istifadə edilir. İlk dəfə məşhur şair Əlişir Nəvai (1441-1501) öz müəllimi Mövlana Fəsihəddin Nizami haqqında bu ləqəbi işlədib. Sözün mənşəyi barədə alimlər arasında fikir ayrılığı var. Çoxları sözün birinci hecasındakı “a” hərfini “ağa” kəlməsinin yüngülləşdirilmiş və qısaldılmış forması hesab edirlər. “Xund” hecası isə ya qədim pəhləvi dilində “ağa, başçı” mənasını verən “xuda” sözündən, ya da farsca “xundə” (oxumuş) kəlməsindən qaynaqlanır. Beləliklə, axund ya “ağa, başçı”, ya da “oxumuş, savadlı adam” deməkdir.
Məscidlərin dini icmasına rəhbərlik edən ruhani xadimlərə axund deyirlər. Axund məscidin dini fəaliyyətinə rəhbərlik edir, məsciddə yerinə yetirilən camaat namazlarına başçılıq edir, xütbə söyləyir, məscid icmasının dini suallarına cavab verir, dini məişət ayinlərini (kəbin, talaq, dəfn və s.) icra edir. Son illərdə “axund” sözü “imam” ilə əvəz edilmişdir. Belə ki, məscidlərdə axund vəzifəsini icra edən şəxslər imam və ya imam-camaat adlandırılır.