Oxucu sual verir: Şahmat oynamaq haramdırmı?
Məsumlarımızın hədislərində şahmat və bəzi digər stolüstü oyunlarla bağlı ciddi qadağalara rast gəlirik. Bu hədislərdə şahmat oynamaq böyük günah qədər ağırlığı olan əməllərdən sayılır. Müctəhid alimlər həmin hədislərdən hökm çıxararaq, şahmat oyununa öz münasibətlərini bildirmişlər. Alimlərin bir qismi keçmiş zamanlarda şahmatın qumar aləti (vasitəsi) olduğunu əsas gətirərək, qadağan hökmünün o zamana aid olduğunu bildirmişlər. Onların fikrincə, şahmat oyunu digər oyunlar kimi əgər qumar vasitəsi olmaq statusundan çıxsa, bu oyunu oynamaq olar (udub-uduzmaq, yəni qumar niyyəti olmadan, sadəcə, yarışma niyyəti ilə). Hal-hazırda şahmat hətta beynəlxalq səviyyəli yarışlarda da idman növü kimi qəbul edilir və bu alimlərin fikrincə, şahmat oynamaq qadağanı öz qüvvəsini itirib. Bəzi müctəhidlər isə, hədislərdə “şahmat” (şətrənc) adının konkret olaraq işləndiyini sübut gətirərək, qadağan hökmünün hər zaman qüvvədə olduğunu bildirmişlər. Onların fikrincə, zəmanədən və niyyətdən asılı olmayaraq, şahmat oynamaq icazəli deyil.