Oxucu sual verir: “Əl-Qədir” kitabının müəllifi kimdir və kitab nədən bəhs edir?
“Əl-Qədir fil-Kitabi vəs-sünnəti vəl-ədəb” (Quranda, sünnədə və ədəbiyyatda Qədir) kitabı əslən təbrizli olan böyük alim Əllamə Əbdülhüseyn Əmini tərəfindən qələmə alınmışdır. Əllamə Əmini (1902-1970) tarix, rical, hədis, ədəbiyyat sahələrində misilsiz bilik sahibi idi və bu mövzularda dəyərli əsərlər yazmışdır. O, “əl-Qədir” kitabında Qədir-Xum hadisəsinin geniş təsvirini müxtəlif mənbələrdəki variantları ilə birlikdə toplamış, imamət mövzusu ilə bağlı bəhsləri də bura əlavə etmiş, 14 əsr boyunca Qədir-Xum barədə yazılmış kitabların və şeirlərin ətraflı təsnifatını vermişdir. Müəllif kitabın yazılmasına 40 ildən artıq vaxt sərf etmiş, müxtəlif ölkələrin kitabxanalarında olmuş, özünün dediyi kimi on min kitabı başdan-ayağa oxumuşdur.
“Əl-Qədir” kitabı ərəb dilində 20 cild şəklində yazılmışdır, onun 11 cildi ərəb dilində çap edilmişdir. Kitabın fars və urdu dillərinə tərcümələri nəşr olunmuşdur. “Əl-Qədir” kitabı azərbaycan dilinə də tərcümə edilmişdir. Qeyd etmək yerinə düşər ki, “əl-Qədir” kitabının ərəb dilindəki orijinalı həmyerlimiz, böyük din alimi və ədib Ayətullah Mühəmməd Əli Ordubadi tərəfindən redaktə edilmişdir.