Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayının başlaması münasibətilə fətva verib. QMİ-dən APA-ya verilən məlumata görə, fətvada göstərilir ki, bu il Ramazan ayının hilali (Təzə ay) sentyabrın 24-25 görünə bilər. Ona görə də Ramazan orucu sentyabrın 24-dən başlayır. QMİ orucun mümkün davamiyyət müddətini nəzərə alaraq, dövlət başçısı İlham Əliyevə Ramazan bayramına bir gün deyil, iki bayram günü ayrılması xahişi ilə müraciət ünvanlayıb.
Prezidentin təklifi ilə Nazirlər Kabineti bu ilin 23-24 oktyabr günlərinin bayram günləri elan edilməsi barədə qərar qəbul edib: "Şəvvalın hilalının görünməsindən asılı olaraq, Ramazan bayramı oktyabrın 23-ü və ya 24-nə düşəcək". QMİ bu il Ramazan orucunu tutan mömin insanlara kömək məqsədilə "Oruc tutanın yaddaş kitabçası" adlı nəşr də hazırlayıb. Kitabçada Ramazan orucunun tarixi, əməlləri, gündəlik duaları, həmçinin, Ramazan ayında namazların vaxtları barədə məlumat verilir. Kitabçanın pulsuz paylanması nəzərdə tutulub.