Xəbər verdiyimiz kimi, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Tunisdən Liviyanın paytaxtı Tripoliyə gəlib.(İHA) Yüksək təhlükəsizlik tədbirlərinin həyata keçirildiyi Tripolidə Ərdoğan Şəhidlər Meydanına gəlib. Burada baş nazir Cümə namazında iştirak etdikdən sonra xalqın qarşısında çıxış edib.
"Sizin birliyiniz ölkənizi düşdüyü bugünkü vəziyyətdən çıxaracaq. Liviyanın azadlığı uğrunda həyatlarını itirən liviyalılara Allahdan rəhmət diləyirəm. Artıq diktatura dövrü bitdi. Qan tökmək bizə yaraşmır. Bir olaq, bərabər olaq. Bu birliyimiz, bərabərliyimiz Liviyanın azadlığına, qısa zamanda yaxşı inkişaf etmiş ölkələr səviyyəsinə qalxmasına təkan verəcək. Dəyərli qardaşlarım, xalqın gücü və iradəsi qarşısında heç bir hakimiyyət tab gətirə bilməz. Dünən Tunisdə idim və “Yasəmən” inqilabını həyata keçirənləri salamladım, ondan öncə Misirdə idim “Ərəb baharı”nı əsdirənləri salamladım. Bu gün isə sizlərləyəm. Mən mübarizənizi təbrik edirəm", - deyə Ərdoğan çıxışında bildirib.
Qeyd edək ki, Ərdoğanın Liviya səfəri davam edir. Ərdoğan paytaxt Tripolidən sonra Misrata və Benqazi şəhərlərinə gedəcək.