Azərbaycan təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində həlak olan şəxslərin ailə üzvlərinə kompensasiyanın verilməsinə yaxın günlərdə başlanacaq.
Bu barədə “APA-ECONOMICS”ə qəzanın səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Azərbaycan tərəfdən rəhbəri, “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin vitse-prezidenti İlham Əmirov məlumat verib.
Onun sözlərinə görə, kompensasiyaların məbləği ailə üzvlərinin sayından asılı olaraq 70-100 min manat arasında olacaq: “Hələlik kompensasiya həlak olduğu təsdiqlənmiş 4 nəfərin ailəsinə bütöv şəkildə veriləcək. Qalan 5 nəfər isə rəsmi olaraq itkin düşmüş sayılır, onların həlak olmuş hesab edilməsi üçün müəyyən vaxt və hüquqi prosedur tələb olunur”.
Təyyarənin məxsus olduğu “Silk Way” aviaşirkətinin baş direktoru Şəmsəddin Mirsalamov isə bildirib ki, hətta itkin düşmüş sayılan ekipaj üzvlərinin də ailəsinə avans şəklində olaraq kompensasiyanın müəyyən hissəsi ödəniləcək: “Amma etiraf etmək lazımdır ki, itkin düşənlərdən bəzilərinin ailələri hələlik kompensasiya almaqdan imtina edir, qəzanın səbəbləri ilə bağlı araşdırmanın yekun nəticəsini gözlədiklərini bildirirlər”.
Xatırladaq ki, ekipaj üzvlərindən cəsədi tapılanlar Azərbaycan vətəndaşları - bort operatoru Tapdıq Qəhrəmanov (1964), aviatexnik Mehman Hüseynov (1962), ikinci pilot Oleq Marşixin (1979), Özbəkistan vətəndaşı - bort mühəndisi Vladimir Şatobindir (1969).
Qeyd edək ki, Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus “İL-76” təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı ilkin açıqlamada hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunub. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.
Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.
Yük qaldırma imkanı 40 ton olan “İl-76” təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısının həlak olduğu ehtimal edilir. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşıdır. Ekipaj üzvlərindən dördünün cəsədi tapılıb, digər 5 nəfər isə itkin düşmüş hesab olunur.