Azərbaycan İlahiyyat İnstitutunda “İslamda qadın” mövzusunda “dəyirmi masa” keçirilib.
İslam.az xəbər verir ki, tədbir iştirakçılarını salamlayan institutun rektoru Ceyhun Məmmədov ulu öndər Heydər Əliyevin qadınların hüquqlarının qorunmasına, ictimai həyatda fəallığının artırılmasına xüsusi önəm verdiyini vurğulayıb, Ümummilli Liderin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasının Azərbaycan qadınına verilən böyük dəyər olduğunu qeyd edib. O, Prezident İlham Əliyevin də bu siyasəti uğurla davam etdirdiyini bildirib. Ceyhun Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun təşkil etdiyi ilk tədbirin məhz qadın mövzusuna həsr edilməsinin də təsadüfi olmadığını söyləyib.
Tədbirdə İslamın qadına baxışı, sosial həyatda qadının yeri, dövlət-din münasibətlərinin tənzimlənməsi ilə bağlı aparılan maarifləndirmə işlərində qadınların iştirakı və s. mövzular müzakirə olunub.
“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri, hüquqşünas Sevinc Əzimli çıxış edərək yeni yaranmış Azərbaycan İlahiyyat İnstitutunun din sahəsində savadlı mütəxəssislər hazırlayacağına əmin olduğunu qeyd edib. S.Əzimli, həmçinin qeyd edib ki, Azərbaycan dünyəvi ölkə olsa da, dövlət mənəvi dəyərlərin təbliğinə, tolerant mühitin qorunmasına hər zaman diqqət və qayğı göstərib. Dövlətin icraedici qurumlarında, məhkəmə orqanlarında, Milli Məclisdə qadınların təmsilçiliyi, xüsusilə Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycan qadınına verilən böyük dəyərdir. İlahiyyat İnstitutundan məzun olacaq qadınların dini kimliklə bərabər, milli kimliyə də sahib olan, dövlətin milli maraqlarını düşünən maarifpərvər insanlar kimi cəmiyyətdə öz yerlərini tutacaqlarına əminliyini ifadə edib.
Tədbir dinşünas mütəxəssislərin, şərqşünas Seyid Camal Əzimbəylinin mövzu ətrafında məruzələri ilə davam edib.