“Azərbaycanda vahid hicablı məktəbli forması hazırlanmalıdır”. Bunu SalamNews-a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Qəzənfəroğlu bildirib.
Deputat vurğulayıb ki, Azərbaycanda hicabın taxılmasına dini inanclara uyğun hərəkət kimi icazə verilməlidir. Onun sözlərinə görə, bu formaya məktəblərdə və dövlət idarələrində icazə verilməsi vacibdir.
O deyib: “Bütövlükdə, hicaba qadağa deyilən anlayış Azərbaycan kimi ölkələrdə problemlərlə qarşılanır. Çünki Azərbaycanın hicabla bağlı standartı yoxdur və hicablı forması Azərbaycana İrandan keçib. Ona görə də bu məsələ ilə bağl müəyyən çətinliklər mövcuddur. Amma bunu Azərbaycanın ünvanına irad kimi söyləmək də düzgün deyil. Azərbaycan hələ hicabla bağlı öz modelini tapmayıb. Ona görə də hicabla bağlı müəyyən qərarlar düzgün qarşılanmır. Bütün hallarda mən hicaba qadağanın əleyhinəyəm və hicabla bağlı Azərbaycan modelinin hazırlanmasını vacib sayıram. Hicabın indiki forması İranın ideologiyasını özündə əks etdirir”.
Deputat ABŞ Dövlət Departamentinin hicaba qadağa qoyulması barədə yaydığı hesabata da münasibət bildirib. O, hesabatın obyektiv olmadığını vurğulayıb: “Bu hesabat, əslində, ikiüzlü yanaşmanın görüntüsüdür. Çünki ABŞ Dövlət Departamentinin hesabatları əksər hallarda bu ölkənin dövlət maraqlarına uyğun hazırlanır”.