Oxucu sual verir: İnsan namaza başlayır və Fatihə surəsini oxuduğu zaman şəkkə düşür ki, namazın ilk təkbirini (təkbirətül-ehram) söyləyib ya yox? Bu halda nə etməlidir?
Namazın bəzi əməlləri rükn sayılır. Rükn o əməllərdir ki, onları istər qəsdən, istər biliksizlik üzündən, istərsə də unudaraq etməmək, eləcə də, lazım olan saydan az və ya çox etmək namazı pozar. Namazın əvvəlində deyilən təkbir (buna təkbirətül-ehram deyirlər) də rükndəndir. Əgər kimsə namazın birinci rükətinin qiraətinə məşğul olduğu zaman təkbirətül-ehramı deyib-demədiyinə şəkk etsə, gərək şəkkinə fikir verməsin və namazı qılmağa davam etsin. Çünki şəriətə görə, bir əməlin yeri keçdikdən sonra, yəni ondan sonrakı əmələ keçildiyi zaman, əvvəlki əməlin edilib-edilməməsi barədə şəkk etibarsız sayılır. Əgər Fatihəni oxumağa başlamazdan qabaq təkbirətül-ehramı deyib-demədiyinə şəkk etsə, gərək təkbirətül-ehramı söyləsin, sonra Fatihə və surəni oxusun.