Avtobusla gedənlər dekabrın 3-də, təyyarə ilə gedənlər isə dekabrın 9-da səfərə çıxacaq
Gələn həftədən başlayaraq zəvvarlar Məkkəyə axışacaq. Bu il 5 minə yaxın azərbaycanlı zəvvar müqəddəs torpaqları ziyarət edəcək. Qafqaz Müsəlmanları İdarəsi onların səfəri üçün bütün hazırlıqları başa çatdırıb. İdarə sədrinin birinci müavini Hacı Salmanın sözlərinə görə, zəvvarlar ziyarətə həmişəki kimi həm avtobusla, həm də təyyarə ilə yola düşəcəklər. Avtobusla gedənlər ölkəni dekabrın 3-dən 5-nə, təyyarə ilə gedənlər isə dekabrın 9-dan 13-nə kimi tərk edəcək.
Qeyd edək ki, ziyarət müddəti 18 gündür. Zəvvarlar bu müddət ərzində həm Məkkə, həm də Mədinə şəhərlərini ziyarət edəcəklər. ANS-in məlumatına görə, avtobusla getmək 1460 manata başa gəlir. Təyyarə ilə ziyarət isə bundan bir qədər bahadır - təxminən 2280 manat. Bu pula əsasən yol və mehmanxana xərcləri daxildir.
Həcc ziyarətinə getmək istəyənlərin arzusunu təkcə Qafqaz Müsəlmanları İdarəsi reallaşdırmır. Bu işə həm də idarənin məsləhət bildiyi Mədəniyyət və Turizm Nazirliyindən lisenziya almış 9 özəl şirkət məşğul olur. Həmin şirkətlər bu il eksperiment olaraq avtobusla hərəkət edən zəvvarlara yeni marşrut da təklif ediblər. Həmin təkliflərə görə, zəvvarların bir qrupu Gürcüstan ərazisinə keçməklə Məkkəyə gedəcək.
Bu dəfəki ziyarətin digər bir yeniliyi də odur ki, zəvvarların qalacağı otellərdə azərbaycanlı həkimlərdən ibarət olan və 24 saat fəaliyyət göstərən tibbi məntəqə də yaradılacaq.