Saytımızın elektron poçtuna Bakının bir qrup dindarından məktub daxil olub.
Islam.az-ın məlumatına görə, məktubda inanclılar Şəhidlər məscidində azan verilməməsindən narahatlıqlarını ifadə edirlər və azanın bərpa olunmasını xahiş edirlər.
Məktubda bildirilir ki, Şəhidlər məscidi artıq bir neçə ildir qapılarını ibadət edən vətəndaşlarımızın üzünə açsa da, burada hələ də azan verilmir: “Şəhidlər məscidi paytaxtın Şəhidlər xiyabanı yaxnlığında yerləşir. Bununla əlaqədar müvafiq hakimiyyət orqanlarına müraciətlər edilib. Müraciətdə deyilir ki, məsciddə azanın verilməsinin bərpası dövlətimizin dinə qayğısının növbəti əyani nümunəsi olar. Belə ki, bu gün ölkə rəhbərliyi Azərbaycan xalqının dini və milli-mənəvi dəyərlərin cəmiyyətdə bərqərar edilməsi üçün ardıcıl səylər göstərir. Şəhidlər məscidi ölkədə yeganə məsciddir ki, burada nədənsə azan verilmir... Yerli sakinlər və xarici qonaqlar bu halı birmənalı qarşılamır. Müraciət müəllifləri bu məsələnin müsbət həllinə kömək göstərilməsini xahiş edirlər”.