Oxucu sual verir: Mükəbbir kimdir?
Ərəb dilindən tərcümədə “mükəbbir” – “böyüdən”, terminoloji mənada isə “təkbir söyləyən” deməkdir. Məlum olduğu kimi, namaz zamanı əməllərin arasında təkbir söyləmək, yəni “Allahü əkbər” demək müstəhəbdir. Camaat namazında böyük izdiham iştirak etdiyi üçün və arxa cərgələrdə duranlar imam-camaatdan xeyli uzaq düşdüyü üçün imam-camaatın təkbir səsini arxadakılar eşitmirlər. Qeyd etdiyimiz kimi, təkbir bir namaz əməlinin başa çatıb, o birinə keçdiyinə işarədir. İri məscidlərdə çox adamın qatıldığı camaat namazını tənzimləmək üçün xüsusi şəxslər ayrılır ki, onlar namazda iştirak etmir, bir qədər kənarda durub imam-camaatı izləyirlər. Bunlara “mükəbbir” deyirlər. İmam-camaat bir namaz əməlinin bitirib o birinə keçəndə mükəbbir uca səslə təkbir söyləyir və səsini arxa cərgələrə çatdırır. Keçmişdə uca və qaltanlı səsi olanlar mükəbbirlik edirdilər, hazırda isə mükəbbirlər adətən əldə mikrofon tuturlar. Rüku və səcdə kimi əməllərdə qabaq cərgəni görməyənlər mükəbbirin səsinə uyğun hərəkət edirlər.