İran Silahlı Qüvvələrinin Azərbaycanla həmsərhəd ərazidə keçirdiyi təlimlər çərçivəsində qırıcı və bombardmançı təyyarələrin manevrlərinin ikinci mərhələsi başlayıb.
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran İslam Respublikası Hərbi Hava Qüvvələri bu mərhələdə hərbi əməliyyatların elektron-radar versiyasını sınaqdan çıxarıb.
“Müxtəlif təyinatlı döyüş təyyarələri davam etməkdə olan taktiki təlimlərdən savayı, müxtəlif tezliklərdə radioelektron mübarizəni uğurla sınaqdan keçirib”, - deyə İran Hərbi Hava Qüvvələrinin nümayəndəsi, general Hüseyn Çitforuş bildirib.
İranlı general qeyd edib ki, yerli istehsal olan iki hərbi təyyarə - “Saeqeh” və “Azaraxş” döyüş tapşırıqlarını yerinə yetirərək, radioelektron radar sistemindən yayınmaq qabiliyyəti göstərib və şərti hədəfləri bombalayıb.
On günlük hərbi təlimlər “Vilayət-3 səmasının müdafiəçiləri” adlanır. Daxili istehsal olan döyüş təyyarələrindən başqa, təlimlərə “Miq-29”, “Su-24”, “F-4”, “F-5” və digər təyyarə növləri də qatılıb.