Ermənilərin Van gölündəki Akdamar adasındakı tarixi kilsədə keçirdiyi ayin etirazla qarşılanıb
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2 minədək erməninin qatıldığı ayin polisin iştirakı ilə yüksək səviyyəli təhlükəsizlik tədbirləri altında keçirilib.
Ermənilərə etiraz edən Van Alpərən Ocaqlarının üzvlərinin adaya keçməsinin qarşısı alınıb. Buna baxmayaraq, əllərində Türkiyə və Azərbaycan bayraqları olan təşkilat üzvləri etiraz bəyanatlarını səsləndirə biliblər. Türkiyənin erməni vətəndaşlarının ibadətinə qarşı olmadıqlarını bildirən təşkilat rəhbəri Mehmet Sait Seven Avropanın uzun müddətdir ermənilərə görə Türkiyəyə təzyiq göstərdiyini deyib: “Qarşı olduğumuz məsələ minlərlə müsəlmanı qətlə yetirən erməni dəstələrinin idarə olunduğu, hətta qərargah olaraq istifadə etdikləri kilsənin ibadət etmək bəhanəsi ilə təkrar fəaliyyətə keçməsidir”.
Qeyd edək ki, Akdamar kilsəsinin restavrasiyasına baş nazir Rəcəb Tayyip Ərdoğanın göstərişi ilə 2005-ci ildə başlanıb və kilsə 2007-ci ilin mart ayında muzey olaraq təkrar istifadəyə açılıb. Türkiyə hökuməti kilsənin restavrasiyasına 4 milyon lirə vəsait xərcləyib.