Oxucu sual verir: Adamın cibində murdarlığa bulaşmış dəsmal varsa və yadından çıxarıb namaz qılıbsa, namazı düzgündürmü?
Namazın düzgün olmasının şərtlərindən biri də bədəndə və libasda nəcasətin olmamasıdır. Burada bəzi istisnalar mövcuddur. Əvvəla, bədəndə və libasda yalnız az miqdarda yara qanının olması icazəlidir (heyz və istihazə qanı bura aid deyil, yalnız yara qanı aiddir). Bu qanın bulaşdığı sahə bir dirhəmdən, yəni şəhadət barmağının üçüncü bükümünün (falanqasının) sahəsindən çox olmamalıdır. İkinci istisna budur ki, paklıq hökmü bədənə və libas sayılan geyimlərə aiddir. Libas sayılmayan əşyalar bura aid deyil. Məsələn, insanın cibindəki dəsmal, başındakı araqçın, ayağındakı corab nəcasətə bulaşmış olsa, bununla qılınan namaz batil deyil. Qeyd edirik ki, bunlar namazın pozulmaması üçün icazələrdir, bəyənilən hal isə budur ki, namaza duran şəxs bütün vücudunun və üzərində gəzdirdiyi hər şeyin pak olmasına çalışsın.