Köhnə bağ evimizi bərpa etmək üçün tutduğum usta, işdəki bu gününü çətinliklə sona çatdırmışdı. Gün ərzində başına bir neçə xoşagəlməz hadisə gəlmişdi. Onu avtomobilimlə evinə apararkən dinməzcə və məyus yanımda əyləşmişdi.
Evinə çatdıqda məni içəri dəvət etdi. Evə doğru gedərkən balaca bir ağacın önündə qısa müddət dayandı, budaqlarının ucuna hər iki əli ilə toxundu, sanki nəsə pıçıldayırdı. Evin qapısı açıldıqda isə adam inanılmaz dərəcədə dəyişdi. Üzünə təbəssüm qondu, iki balaca qızını qucaqlayaraq, içəri daxil oldu…
Məni yola salmağa gələndə həmin ağaca yetişdik. Maraq məni bürüdü, evə gedərkən etdiklərinin səbəbini soruşdum. Cavabı isə…
- O mənim dərd ağacımdı! Bəzən işdə problemlər yaranır, əsəbləşirəm. Amma bilirəm ki, bu problemləri evə, xanımıma və övladlarıma gətirməməliyəm. Odur ki, bütün problemlərimi evə gələndə o ağaca danışıram. Elə orada da budaqlarından asıb ailəmin yanına gedirəm.
Bir qədər susduqdan sonar əlavə etdi:
- Ən maraqlısı bilirisiniz nədir? Ertəsi gün işə gedəndə yenə də o ağacın yanından ötürəm, amma artıq problemlərin elə də çox olmadığını, bəzən isə tamamən yox olduğunu hiss edirəm…
Bəli… Bu əhvalatdan hər kəs ibrət götürməlidir. Siz də dərdlərinizi söyləmək üçün münasib bir ağac tapın. Ailənizlə, əzizlərinizlə görüşə bir qucaq problemlə getməyin.