Azərbaycan Prezidenti İlham Əliyev Cümhuriyyətin 100 illik yubileyini təntənəli şəkildə keçirilməsi üçün xüsusi sərəncam imzalayıb. Amma Azərbaycan parlamentinin üzvü Rafael Hüseynov bu əlamətdar gün ərəfəsində Şərqdə ilk demokratik dövlətdən bizə miras qalan atributları yox etmək fikrinə düşüb.
Əvvəlcə R.Hüseynovun əhvalını gerbdə alov şölələri ilə yazılan “Allah” sözü pozub. Niyə? Yaxşısını bir Allah bilir, bir də Allahı bəyənməyən deputat. Ancaq R.Hüseynovun Cümhuriyyət atributlarına qarşı Səlib yürüşü yalnız gerblə kifayətlənməyib. Bayraq da qəzəbə gəlib. Hərçənd, burda qəribə nə var ki? Allaha qarşı allergiyası olan kimsəyə bayrağımızdakı İslam rəmzi olan yaşıl rəngi görmək heç də xoş ovqat bəxş edə bilməzdi. Himni dəyişmək təklifi isə “komplekti” tam tamamlayır: Cümhuriyyətə bağlı hər şey unutdurulmalıdır.
Yəqin ki, deputatın bu absurd fikirləri reallaşmayacaq: ölkədə kifayət qədər sağlam düşüncəli insanlar var. Bir də ki, Hüseynovun Cümhuriyyətə qarşı açdığı bu savaşa “yaşıl işıq” yandırsalar, onun fantaziyası bir qədər də irəli gedə bilər. Məsələn, ADR-in banisinin adı xoşuna gəlməyə bilər. Necə də olmasa adı İslam peyğəmbərinin adını xatırladır. R.Hüseynovdan nə desən gözləmək olar, bir də gördünüz ki, çıxıb Milli Məclisin tribunasından Məhəmməd Əmin Rəsulzadənin adının ölümündən sonra dəyişdirilməsi təklifini səsləndirdi. Gülməlidir? Bəs himn, bayraq və gerblə bağlı təkliflər gülməli deyilmi?