Oxucu sual verir: Qüsldən sonra qadın görür ki, sol əlinin dırnağındakı boyanı silməyi unudub. Onun qüslü düzgündürmü?
Qüsl zamanı bədəndə iynə ucu boyda da olsa islanmamış yer qalmamalıdır. Əgər bədənin bir zərrəsi islanmasa, qüsl düzgün sayılmaz. Eləcə də, qüslün tərtiblə, yəni atdıcıllıqla edilməsi şərtdir. Belə ki, əvvəlcə baş və boyun, sonra bədənin sağ tərəfi, daha sonra sol tərəfi tam yuyulmalıdır. Bunlardan birini tam yumadan o biri hissəyə keçmək olmaz; bu, qüslü batil edər. Əgər qadın qüsldən sonra sol əlində dırnaq boyası qaldığını bilsə, bu halda dırnaq boyasını silməsi və yalnız həmin dırnağı yuması kifayət edər (əgər qüsldən sonra qüslü pozan hərəkətə yol verməmişsə). Çünki baş-boyun və sağ tərəf düzgün şəkildə yuyulduğu üçün təzələməyə ehtiyac yoxdur. Əgər sağ əlində dırnaq boyası qaldığını bilsə, o halda baş və boynunu yumağa ehtiyac yoxdur, dırnaq boyasını silib həmin dırnağı yumalı, ardınca bədəninin sol tərəfini tam yumalıdır. Bir daha təkrar edirik ki, bu qayda qüsl pozulmadığı zaman qüvvədədir.