İsrail Müdafiə naziri Ehud Barak və Baş nazirin köməkçisi Moşe Yaalondan bir-birinə zidd iki şərh gəlib.
SalamNews-un “Doğan” agentliyinə istinadən verdiyi xəbərə görə, İsrailin müdafiə naziri Ehud Barak Türkiyə ilə yaşanan diplomatik böhranla bağlı keçmişi unudaraq yeni mərhələyə keçməyi təklif edib.
İsrail Radiosuna Palmer Hesabatı və Türkiyənin verdiyi sanksiya qərarları ilə bağlı açıqlama verən Barak deyib: "Biz həqiqəti qəbul edirik. Onlar da edir. Qərb üçün bölgədəki ən əhəmiyyətli iki ölkəyik. Əminəm ki, bu münaqişələrin öhdəsindən gələcəyik. Türkiyə İsrailin düşməni deyil”.
"Mavi Mərmərə" basqını zamanı baş verənləri, geriyə dönüb təkrar qiymətləndirməsinə ehtiyac olmadığını iddia edən israilli nazir bunun artıq əhəmiyyətinin olmadığını vurğulayıb.
Bundan fərqli olaraq, İsrail Baş nazirinin müavini Moşe Yaalon isə Təl-Əvivdə iştirak etdiyi konfransda Türkiyəni sərt şəkildə tənqid edib.
Baş nazir Rəcəb Tayyib Ərdoğanın iqtidara gəlməsindən bu yana "Türkiyənin üzünün Qərb yerinə Şərqə döndüyünü və dünyəvi respublikadan İslami respublikaya çevrildiyini" iddia edən Yaalon bildirib: "İran və Həmasa kömək edən bir hökumətə necə güvənə bilərsiniz?".