Oxucu sual verir: Məbəs (besət) günü hicri təqvimlə hansı gündür?
“Məbəs” və ya “besət” ərəb dilindən tərcümədə “göndərilmə” mənasını ifadə edir. Həzrət Mühəmmədin (s) Allah tərəfindən peyğəmbərliyə seçildiyi, peyğəmbər kimi bəşəriyyətə göndərildiyi və ilk vəhyin nazil olduğu günü bu adla adlandırırlar. Dini mənbələrə görə, Həzrət Mühəmməd Peyğəmbərin (s) besəti 40 yaşında ikən Məkkə yaxınlığındakı Hira mağarasında baş vermişdir. Hadisənin hansı təqvim günündə baş verdiyi barədə rəvayətlərdəki məlumatlar fərqlidir. Bəzi məlumatlara görə, rəcəb ayının 27-i məbəs günüdür və həmin gün ilk vəhy nazil olmuşdur. Bu nəzəriyyə daha çox şiə mənbələrində müdafiə edilir. Bəzi məlumatlara görə isə, məbəs günü ramazan ayına təsadüf etmişdir. Əsasən, əhli-sünnə məzhəbinə aid mənbələrdə bu nəzəriyyəyə üstünlük verilir.