Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Fələstin dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim Əbdürrəhmanı qəbul edib. Bu barədə APA-ya Dövlət Komitəsinin
mətbuat xidmətindən məlumat verilib
Tanışlıq məqsədi daşıyan görüşdə Ə.Həsənov Azərbaycanın üzləşdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bunun nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemi, məcburi köçkünlərin problemlərinin həllində dövlətin həyata keçirdiyi geniş miqyaslı tədbirlər barədə məlumat verib. Son vaxtlar hər iki dövlət arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafını Azərbaycan və Fələstin diplomatiyasının uğuru kimi dəyərləndirən Komitə sədri rəsmi Bakının bütün beynəlxalq təşkilatlarda Fələstin dövlətini dəstəklədiyini deyib.
Azərbaycanlılar doğma torpaqlarında etnik təmizləmə siyasətinə məruz qaldıqlarını deyən Ə. Həsənov işğal edilmiş torpaqlardakı bütün binaların dağıdıldığını, tarixi və dini abidələrin ermənilər tərəfindən yerlə-yeksan edildiyini diqqətə çatdırıb.
“Əfsuslar olsun ki, bu günə qədər Ermənistan tərəfi BMT-nin çıxardığı qətnamələrə məhəl qoymur. Münaqişənin həlli üçün kifayət qədər hüquqi əsaslar olmasına baxmayaraq Ermənistanın qeyri-konstruktiv mövqeyi, bəzi nüfuzlu dövlət və təşkilatların işğalçını öz adı ilə çağırmaması münaqişənin həllini uzadır», - deyə Ə. Həsənov vurğulayıb.
Hər iki regionda baş verən hadisələrlə bağlı ətraflı fikir mübadiləsi aparılan görüşdə fələstinli diplomat problemin həllində Azərbaycanın qazandığı və beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilən təcrübəsindən bəhrələnməyin vacib olduğunu bildirib.