Bu yaxınlarda Azərbaycan mətbuatında (bizim saytın da başqalarına istinadən təkrarladığı) belə bir məlumat getdi ki, guya Türkiyədə 14 il qadağadan sonra bütün ali və orta məktəblərdə baş örtüsü ilə dərslərə gəlməyə nəhayət ki, icazə verildi.
Lakin İslam.Az-ın dəqiqləşdirdiyinə görə bu məlumat həqiqətə tam uyğun deyil.

Belə ki, Türkiyədə orta məktəb və liseylərdə baş örtüsünə olan qadağa qüvvədə qalmaqda davam edir. Baş örtüsü ilə dərsə gəlməyə olan qadağa yalnız əksər ali məktəblərdə qaldırılmışdır.
İş orasındadır ki, Türkiyədə ali məktəblərdə hicaba olan qadağa Yüksək Oyrənim Kurulu (YOK), orta məktəb və liseylərdə olan qadağa isə Təhsil Qanununa əsasən Milli Təhsil Nazirliyi tərəfindən həyata keçirilirdi.
Türkiyədə uzun müddət ali məktəblərdə hicabla dərsə gəlmək hüququ uğrunda qadınlar, ictimai və siyasi təşkilatlar mübarizə aparmış, bəzi hallarda müəyyən uğur da qazana bilmişlər. Lakin keçən ildən YOK ali məktəblərdə hicabı qadağan edən göstərişini ləğv etməli oldu, bu ildən isə bu icazə daha da sabitləşdi.
Qeyd etmək lazımdır ki, qadağanın YOK tərəfindən qaldırılmasına baxmayaraq, Türkiyə qanunlarına əsasən, universitetlər öz tələbələri üçün müstəqil surətdə geyim forması müəyyənləşdirə bilərlər və bundan istifadə edən bəzi az sayda ali məktəblər hələ də hicabla tələbələrin dərsə gəlməsinə mane olur.
Orta məktəblərdə hicab məsələsinə gəldikdə isə bu qadağa Türkiyə Respublikasında da, təəssüf ki, hələ davam edir. Bu qadağanın aradan qaldırılmaslı üçün Təhsil Qanununa dəyişiklik edilməsi lazımdır ki, bu da Türkiyə parlamentinin səlahiyyətindədir.