Oxucu sual verir: Stolüstü oyunları oynamağın hökmü nədir?
İslam dini bütün oyunlar üçün əsas göstərici olaraq bunu təyin etmişdir: hər hansı oyun udub-uduzmaq (yəni qumar) şərti ilə oynanılsa, haramdır. İstər bu oyun stolüstü olsun, istərsə də hər hansı başqa növdən sayılsın. Buna görə də, istənilən oyunu qumar niyyəti ilə oynamaq günahdır. İkincisi, oyunun cəmiyyətdə necə tanınması nəzərə alınır. Əgər oyun yalnız qumar aləti kimi tanınırsa və halal oyun növü kimi istifadə edilmirsə, haramdır. Məsələn, müasir dövrdə kart yalnız qumar vasitəsi kimi tanınır və insanlar kart oynayan hər kəsi qumarbaz kimi qəbul edirlər. Ona görə də, kartla istənilən niyyətlə oyun oynamaq (hətta qumar niyyəti olmasa belə), günahdır və qadağandır. Amma domino, bilyard kimi oyunlar əgər cəmiyyət içində qumar aləti sayılmırsa, onları əyləncə və zehn açıqlığı niyyəti ilə oynamaq icazəlidir. Nəzərə alaq ki, bəzi müctəhidlər şahmat və nərd oyunlarını mütləq mənada haram bilirlər; istər bu oyunlar cəmiyyətdə qumar vasitəsi kimi tanınsın, istərsə də tanınmasın.