Oxucu sual verir: Xalq içində deyilən “başı əlhət daşına dəydi” ifadəsinin mənası nədir?
Bu ifadə dəfn ayini ilə bağlıdır. Belə ki, dəfn zamanı ləhəd adlı ayinə riayət etmək müstəhəbdir. Əvvəllər bəzən qəbrin içində taxçaya bənzər bir yer hazırlayır və meyiti ora qoyurdular ki, həm qəbri örtən zaman meyitin üstünə torpaq tökülməsin, həm də meyit sağ böyrü üstündən aşmasın. Eləcə də, meyiti qəbrə qoyduqdan sonra üstünü taxta və ya ağac budaqları ilə örtür, sonra üstünə torpaq tökürdülər. Hazırda geniş yayılmış dəfn adətinə görə qəbrin üzərini beton plitə ilə örtür, sonra üstünə torpaq tökürlər. Qəbrin altda qalan və bilavasitə meyit qoyulan hissəsi ləhəd adlanır. “Başı əlhət daşına dəymək”ifadəsi öz əməllərindən peşman olmaq mənasını verir. Yəqin ki, burada insanın öldükdən sonra öz əməlləri ilə baş-başa qalması və günahlarından peşman olması nəzərdə tutulub. Başın əlhət (ləhəd) daşına dəyməsi meyitin qəbrə qoyulması deməkdir. Yəni ölmüş insan qəbirlə ilk təmasda vəziyyətin dəhşətini anlayar və o andan qəbir əzabı ilə üz-üzə qalar.