Oxucu sual verir: Hamiləliyin yeddinci ayını yaşayan qadın namaz qılmaq üçün əyilib-qalxmağa çətinlik çəkir. Bu halda namazlarını doğuşdan sonraya kimi təxirə sala bilərmi?
İslam dini insanın bütün ehtiyaclarını, çətinliklərini nəzərə alan və bunlara uyğun olaraq insana güzəştlər verən dindir. Hamiləlik dövrünü yaşayan qadınlar da bəzi güzəştlərə malikdirlər. Məsələn, əgər qadın hamiləliyin son dövrünü yaşayırsa və ciddi fizioloji çətinlikləri varsa, bu halda həmin ilin vacib Ramazan orucunu tutmaqdan azad sayılır. Əgər oruc tutmaq onun üçün çox çətindirsə, sonralar qəzasını tutmaq şərti ilə həmin ilin orucundan azad olur. Lakin namaz elə bir ibadətdir ki, onu heç bir səbəb üzündən tərk etmək olmaz. Hamiləliyin son aylarını yaşayan qadın səcdə etməyə çətinlik çəkirsə, namaz vaxtı qarşısına stul qoyub, möhürü onun üzərinə qoya bilər. Səcdə zamanı alnını stulun üzərindəki möhürə qoymaqla çətinliyini həll etmiş olar.