Oxucu sual verir: Oğul dünyadan köçmüş atasının qəza namazlarını qılsa, atanın axirətdəki vəziyyətinə təsiri olarmı?
İnsan həyatda ikən öz vacib namazlarını qılmalıdır. Qəsdən namazı qılmayıb qəzaya verən və namaz borcu ilə dünyanı tərk edən şəxs bu barədə sorğu-sual ediləcək. Amma əgər ata xəstəlik və sairə səbəblər üzündən bəzi namazlarını qılmamışsa, böyük oğlu onun vəfatından sonra bunları qəza edə, yaxud muzdla başqasına qəza etdirə bilər. Ata məsuliyyətsizlik üzündən bir müddət ibadət etməmişsə, sonra tövbə edib səhvini başa düşübsə, qəza namazlarını qılmağa başlayıbsa, amma hamısını qılıb bitirməyə macal tapmayıbsa, bu halda da övlad onun qılınmamış namazlarını qəza edə bilər. Bunun atanın axirətdəki vəziyyətinə müəyyən fayda verəcəyi rəvayət edilir. Belə ki, qılınmamış namaz və oruclar övlad tərəfindən qəza edildikdə atanın qəbir əzabı azalır, bərzəx həyatındakı vəziyyəti nisbətən asanlaşır və qiyamət günündə borcu yüngülləşir.