Oxucu sual verir: Müstəzəf kimdir?
Müstəzəf “zəif” sözündəndir, yəni fiziki, əqli və ya maddi cəhətdən sıxıntı içində olan və bu sıxıntı nəticəsində haqqa yol tapa bilməyən şəxs. Müstəzəf elə adamdır ki, ona hüccət tamam olmayıb. Yəni mövcud olduğu şərait onun haqqı tapmasına imkan vermir. Məsələn, əqli cəhətdən qüsurlu insanlar dini hökmləri anlamaq və ibadətləri yerinə yetirmək bacarığından məhrumdurlar. Hətta insan normal səviyyədə olsa da, bəzi ağır mövzularla bağlı müstəzəf sayıla bilər. Allah onun tutumundan ağır olan həmin mövzular barədə onu sorğu-suala tutmayacaq. Yaxud cəmiyyətdən təcrid olunmuş vəziyyətdə yaşayan insanları götürək. Onlar da məlumatsız olduqlarından bəzi vacib məsələləri ayırd etmək imkanına malik deyillər və buna görə mühakimə edilməzlər. Daim ətrafdakıların sıxıntısı altında olan, hərəkət və düşüncə müstəqilliyi verilməyən, kompleks yaşayan şəxsləri də bura aid etmək olar.