Oxucu sual verir: Cünüb vəziyyətdə olan şəxsin əli dəyən əşyalardan, dəsmallarından və paltarından başqası istifadə edə bilərmi?
Qeyd edək ki, cünüb olmaq, yəni cənabət halına düşmək insan üçün günah sayılmır və cünüb şəxsin bədəni də murdar olmur. Cənabətli halda gəzmək pak halda gəzməkdən daha aşağı məqam sayılır, amma bununla insan murdar sayılmaz. Şəriətdə murdarlığa səbəb olan hallar qeyd edilib, bunların sırasında cənabət yoxdur. Cünüb şəxs namaz qılmaq, oruc tutmaq, Qurana toxunmaq və sairə bu kimi işlər üçün mütləq qüsl almalıdır. Qüsl həmin ibadətləri icra etmək üçün vacibdir.
Cənabətli şəxsin bədəninə toxunmağın (istər yaş, istərsə quru halda), onunla qucaqlaşmağın, öpüşməyin, onun paltarına əl vurmağın, onun paltarını geyinməyin, qurulandığı dəsmalla qurulanmağın qətiyyən maneçiliyi yoxdur. Yəni cənabət halı insana zatən murdarlıq gətirmir, pak insan üçün murdar olanlar onun üçün də murdardır.