ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə tanınmış tədqiqatçısı Entoni Kordsmen (Anthony Cordsman) hesab edir ki, Cənubi Qafqaz regionu ABŞ-İran rəqabətinin mərkəzində durur.
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, analitik hesab edir ki, Azərbaycanın İranın periferiyasında yerləşməsi, Xəzərin və Yaxın Şərqin enerji resurslarına çıxışı həm İran, həm də ABŞ üçün qiymətlidir. Bakının ABŞ-la sıx əlaqələri var. Azərbaycan Əfqanıstandakı əməliyyatların maddi-texniki təchizatında ABŞ üçün xüsusi əhəmiyyət kəsb edir. E. Kordsmenin fikrincə, İran regionda mühüm güc olaraq qalır: “Bakı nə onu qəzəbləndirə, nə də onu saymaya bilər”.
“Ermənistanda isə İranın xüsusi iqtisadi rolu var və o, Azərbaycan və Türkiyənin qarşılıqlı ehtiyatlılığından istifadə edərək öz nüfuzunu artırmağa çalışır. Ermənistanın İranla münasibətləri əsasən ticarət üzərində qurulub. Türkiyə və Azərbaycanla sərhədləri bağlı olduğuna görə bu əlaqələr Ermənistan üçün həyatı əhəmiyyət kəsb edir”, - deyə ekspert bildirir.
Bundan başqa, analitik əmindir ki, ABŞ Azərbaycanın əksinə tərəf tutmadan Ermənistanın strateji tərəfdaşı olduğu üçün Tehran İrəvanın daha yaxın müttəfiqidir: “ABŞ üçün əsas məsələ stimulları və yaxşı əlaqələri gücləndirmək, açıq qarşıdurmaya yol vermədən təzyiq göstərməkdir”.
Ekspertin fikrincə, ABŞ-İran rəqabəti regionun digər dövlətlərinə açıq və əhəmiyyətli dərəcədə təsir etmir: “Gürcüstan və İran arasında ticarət əlaqələri vibrasiya edir. Gürcüstanın xarici siyasətində əsas məsələ Rusiyanın bu ölkənin daxili işlərinə qarışmasına son verməkdir və Vaşinqton burada Rusiyanın nüfuzuna qarşı kompensasiya edici güc rolunu oynayır. Tbilisidəki siyasətçilər hələ də Rusiyanın təcavüzünə qarşı ən yaxşı maneə kimi ABŞ-ı görürlər və onların Vaşinqtonla mübahisələrdə İranı dəstəkləyəcəkləri ehtimal olunmur”.
Analitik onu da qeyd edir ki, strateji rəqabət ABŞ və İranın regiondakı siyasətlərində əsas müzakirə mövzusu deyil. Hər iki dövlətin inkişaf etməkdə olan spesifik maraqları var və bu maraqlar İraq və Əfqanıstan müharibələrindən sonrakı dövrdə ABŞ və İranın strateji məqsədlər iyerarxiyasında dəyişikliyə səbəb ola bilər: “ABŞ-ın regiondan getməsi, ABŞ-İran rəqabətinin genişlənməsi ehtimal ki, bu ölkələrin Türkiyə və Cənubi Qafqazla münasibətlərinə təsir göstərəcək, baxmayaraq ki, region öz iqtisadi əhəmiyyətinə və təbii sərvətlərinə görə maraqları özünə cəlb etməkdə davam edəcək”.