Bu ilin sonlarından Azərbaycan və İordaniya bədən zirehləri və dəbilqələrin istehsalına başlayacaq. Bu barədə APA-ya Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Artıq tərəflər arasında imzalanmış memorandum çərçivəsində Müdafiə Sənayesi Nazirliyinin “Radioquraşdırma” zavodunun istehsal prosesində iştirak edəcək əməkdaşları üçün İordaniyanın “NP Aerospace Jordan” şirkətinin mütəxəssisləri tərəfindən təlimlər keçirilib. Müəssisədə istehsal üçün müvafiq istehsal sahəsi yaradılıb.
Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi ilə “NP Aerospace Jordan” şirkəti arasında 2010-cu ilin may ayında Əmman şəhərində imzalanmış sazişə əsasən, “Radioquraşdırma” zavodu lisenziya əsasında bədən zirehləri və dəbilqələrin istehsalını həyata keçirəcək. Bu ilin iyun ayında imzalanmış ikinci anlaşmaya əsasən, “NP Aerospace” “Radioquraşdırma” zavodunu 15 min ədəd dəbilqə üçün kompozit material, bədən zirehi üçünsə 12 min ədəd keramik plitə ilə təmin edəcək.