Oxucu sual verir: Dəstəmaz zamanı ayağa məsh çəkərkən ayağı mütləq yerə qoymaq lazımdır, yoxsa yerdən qaldırmaq da olar?
Dəstəmaz zamanı bəzi qaydalara riayət etmək lazımdır. Bu qaydaların bəzilərinin pozulması dəstəmazın batil olmasına gətirib-çıxarar. Vacib şərtlərdən biri ayaqlara məsh çəkən zaman ayaqların tərpənməz halda olmasıdır. Yəni ayaq tərpənməməli, əlin içi ayağın üstünə çəkilməlidir. Əksinə olsa, yəni əl tərpənməz qalmaqla ayağın üzü əlin içinə sürtülsə məsh sayılmaz. Ayağın tərpənməməsi üçün onu möhkəm bir yerə qoymaq lazımdır. Buna görə də məsh zamanı ayağı çox zaman yerə qoyub, üstünə məsh çəkirlər. Rahatlıq üçün ayağı hündür bir yerə, məsələn, stulun üstünə də qoymaq olar. Şərait olmadığı zaman bir ayağın dabanını o biri ayağın diz hissəsinə dayamaqla da məsh etmək mümkündür. Hər bir halda əsas şərt ayağın tərpənmədən durmasıdır. Ayağı havada asılı vəziyyətdə saxlayaraq məsh çəkmək olmaz.