Oxucu sual verir: Bəzi övliyaların bəsirət gözünün açıq olması barədə məlumatlar düzdürmü? Onlar buna hansı yolla nail olublar?
Bəzi ariflərin bəsirət gözü açıq olmuş, onlar adi insana xas olmayan əməllər etmiş, gələcəkdən xəbər vermişlər. Hətta elə şəxslər olub ki, insanın üzünə baxanda onun batinində gizlənmiş xisləti əyani olaraq görüblər. Məsələn, pinti və ya əxlaqsız adamı donuz, qəzəbli və kinli insanı it, şit və bayağı şəxsi meymun sifətində müşahidə ediblər. Bu sifətlərə bəzən “bərzəx surəti” deyirlər. Batini gözü açıq olan adamların bunları görə bilməsi mümkündür. Bəsirət gözünün açılması üçün ən inanılmış yol günahlardan uzaq olmaq, vacib və müstəhəb ibadətləri diqqətlə yerinə yetirməkdir. Keçmiş alimlərin bir qismi öz ustadlarının tövsiyəsi ilə xüsusi ibadətləri və zikrləri yerinə yetirmək, öz nəfsini sıxıntıya və əziyyətə salmaq (riyazət) yolu ilə bu məqama çatırdılar.