Türkiyədən Fələstinə yaxın zamanlarda gəmilər vasitəsilə humanitar yardımlar aparılacaq. Humanitar yardım gəmilərini səfər boyu Türkiyənin hərbi dəniz qüvvələri mühafizə edəcək. Xəbəri "Hurriyet Daily News" yayıb.
Ölkənin xarici işlər nazirliyinin rəsmisi deyib ki, Türkiyə ən qısa müddətdə Aralıq dənizində öz hərbi qüvvəsini artıracaq və İsrail rejiminin burada beynəlxalq hüquq normalarına zidd hərəkətlər etməyinin qarşısını alacaq. Türkiyədən Qəzzaya yardım gəmiləri göndərilməsinə dair göstərişi isə şəxsən baş nazir Ərdoğan özü verib. Xarici işlər nazirliyinin rəsmisi yardım gəmilərinin nə zaman yola çıxacağının dəqiq tarixini deməyib. Nazirlik rəsmisi deyib ki, Türkiyənin bu cür addım atmasına səbəb beynəlxalq ictimaiyyətin diqqətini Qəzzaya yönəltmək və buraya İsrail rejimi tərəfindən tətbiq olunan embarqonun aradan qaldırılmasına nail olmaqdır.
Xarici İşlər Nazirliyinin rəsmisinin verdiyi digər bir məlumatda deyilir ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın yaxın vaxtlarda Qəzzaya səfəri həyata keçiriləcək. Səfərin proqramı və vaxtı barədə isə yaxın günlərdə ictimaiyyətə açıqlanma veriləcək.
/Deyerler.org/