"Deyerler.org" saytı ənənəsinə uyğun olaraq, Azərbaycanda intiharla bağlı növbəti ayın – avqust ayının yekunlarını təqdim edir. Qeyd edək ki, ölkəmizdə bu sahədə rəsmi statistika aparılmadığından məlumatları ancaq mediadan almaq mümkün olur. Və məlum məsələdir ki, hər intihar hadisəsi də mediaya çıxmır. Bu səbəbdən də təqdim etdiyimiz hesabatda göstərilən rəqəmələr minumumla nəzərə alınıb.
2011-ci ilin avqust ayında Azərbaycanda 13 intihar hadisəsi baş verib. Bu da iyul ayı ilə müqayisədə 23% azdır. Bu ayda intihar hadisələrinin 38%-i (5) paytaxt Bakıda qeydə alınıb. Xatırladaq ki, keçən ay bu rəqəm 31%, iyun ayında 25%, may ayında 40%, aprel ayında 33%, mart ayında 50%, fevral ayında təxminən 30% idi.
Avqust ayının ilk intihar hadisəsi ayın 2-də qeydə alınıb. Son intihar hadisəsi isə 22-da baş verib. Ayın ilk 15 günlüyündə 11, ikinci 15 günlüyünə isə cəmi 2 intihar hadisəsi qeydə alınıb.
Ən yaşlı intihar edən 81 yaşlı qadın, ən cavanı isə 11 yaşlı uşaqdır. Ümumi intihar edənlərin 58%-ni kişilər təşkil edir.
Bu ay intihar edənlərin orta yaşı 33 olub. Keçən ay bu göstərici 42 yaş olub.
Xatırladaq ki, "Deyerler.org" artıq 10-cu aydır ki, intiharla bağlı monitorinq aparır. Ramazan ayının təsadüf etdiyi avqust ayı bu aylar arasında ən az intihar olan aydır.
Ənvər Talıblı
/Deyerler.org/