Məhkəmə ədalətsiz keçirildiyinə görə vəkildən imtina etmişik - təqsirləndirilən şəxslər
"Müdafiəçilərin məhkəmə prosesində iştirakı zəruridir, lakin təqsirləndirilən şəxslər özlərini müdafiə edə bilər. Buna qanunvericilik yol verir".
SalamNews xəbər verir ki, bu barədə bu gün Bakı Ağır Cinayətlərə dair işlər üzrə Məhkəməsində hakim Eldar İsmayılov Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov və onunla yanaşı təqsirləndirilən şəxs qismində həbs olunan digər şəxslərin cinayət işi üzrə sədrlik etdiyi növbəti məhkəmə iclasında deyib.
Xatırladaq ki, bu il avqustun 26-da keçirilən prosesdə təqsirləndirilən şəxslərdən 6 nəfəri vəkillərindən və ümumiyyətlə, məhkəmə prosesində iştirak etməkdən imtina etmişdilər və bununla bağlı vəsatət irəli sürmüşdülər. Həmin tarixdə məhkəmə vəsatətləri təmin etmış və prosesə sentyabrın 2-dək fasilə elan olunmuşdu.
Bu müddətdə vəkillərdən imtina etmiş hər bir şəxsə dövlət büdcəsi hesabına yeni vəkillər təyin olunub. Lakin bugünkü məhkəmə prosesində təqsirləndirilən şəxslər bu vəkillərin də xidmətlərindən imtina etdilər. Onlar imtinalarının səbəblərindən danışdılar.
“Məhkəmə ədalətsiz keçirildiyinə görə biz həm məkəmədə iştirak etməkdən, həm də hər hansı vəkilin bizim hüquqlarımızı müdafiə etməkdən imtina etmişik. Əgər prosesdə vəkil iştirakı mühümdürsə, bizim öz vəkillərimizin xidmətlərini məqsədə uyğun sayıram. Bunun bir izahı var. Mənim hüquqlarımı müdafiə etmiş vəkil, Anar Qasımlı, artıq yeddi aydır bu işin içindədir və yeni gələcək vəkildən daha çox səmərəli ola bilər”, - AİP sədri M.Səmədov dedi.
Eyni fikirləri AİP sədrinin müavini Vaqif Abdullayev də söylədi. O da dövlət tərəfindən təyin edilmiş vəkilin xidmətlərindən imtina etdi.
“İnsanların məni müdafiə etməsindən imtina edirəm. Çünki mən saxlanıldığım gündən hüquqlarım pozulur. Hesab edirəm ki, heç bir hüquq müdafiəçisi mənim hüquqlrımı müdafiə edə bilməyəcək. Onuda demək istəyirəm ki, məni həbsə salanlar elə bilməsinlər ki, evlərində rahat yata biləcəklər. Allah göydən baxır. Mütləq cəzalarını verəcək. Özümə də vəkil onu seçirəm”, - Masallı ruhanisi Seyyid Fəramiz Abbasov söylədi.
AİP Astara rayon təşkilatının sədri Rufulla Axundzadə də təyin edilmiş vəkildən imtina edib. O, bunun səbəblərini belə izah etdi: “Möhtərəm hakim, siz bu vəkilləri bura dəvət etməmişdən öncə biz məhkəməyə müraciət edərək dedik ki, başqa vəkil gəlib bizim hüquqları qorumasın. Məhkəmədə də iştirakdan imtina etdik. Səbəb odur ki, mən xəstə adamam, prosesdə iştirak edə bilmirəm, tab gətirə bilmirəm”.
Sözünün sonunda Rufulla Axundzadə məhkəməni kompromisə getməyə çağırdı.
Digər təqsirləndirilən şəxs, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev təyin olunmuş hüquq müdafiəçisinin ona yaralı olacağına inanmadığını söylədi və inamsızlığını əsas gətirərək vəkildən imtina etdi. Lakin hakim Eldar İsmayılov Firdovsi Məmmədrzayevin vəsatəti kiril əlifabası ilə yazdığını söylədi.
“Azərbaycan dili əlifbası latın qrafikalıdır. Sizin isə vəsatət kiril əlifbası ilə yazılıb və belə olduğu halda sizin vəsatət təmin edilə bilməz. Siz icbari olaraq vəkillə təmin olunmalısınız ki, gələcəkdə prosesdən sizə heç bir qaranlıq məqam qalmasın. Qanunvericilikdə bimənalı şəkildə göstərilir ki, hamınz özünüzü müdafiə edə bilərsiniz, bir Firdovsi Məmmədrzayevdən başqa. Onunda səbəblərini sizə izah etdim”, - deyə hakim Eldar İsmayılov söylədi.
Sonra hakim təqsirləndirilən şəxslərin icbari olaraq vəkillə təmin edilməsinin yeddi səbəbini prosesual qanunvericilikdən oxudu.
Sonda məhkəmə yerindəcə müşavirə edərək qərara aldı: “Konkret halda sizin hüquqlarınızın səmərəli qorunması üçün, məhkəmə prosesində 10 günlük fasilə qərarı verir. Bununla da məhkəmə sizə ətraflı düşünmək üçün şərait yaradır”.
Proses sentyabrın 12-nə saat 10:00 təyin olundu.
Xatırladaq ki, Mövsüm Səmədov bu il yanvarın 7–də saxlanılaraq barəsində 13 sutkalıq inzibati həbs seçilib. Nəsimi rayon məhkəməsi tərəfindən yanvarın 20-də M.Səmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçılıb və Azərbacan Respublikası Baş Prokuroluğunun ağır cinayətlərə dair işlər idarəsində istintaqa başlanılıb. AİP sədri hakimiyyəti zorla ələ keçirmə cəhdində və ya onu zorla saxlama, qanunsuz olaraq odlu silahdan və ya silah qismində istifadə olunan vasitələrdən istifadə etməklə cinayətə hazırlıqda ittiham olunur.