Oxucu sual verir: “Məfatih” kitabı hansı kitabdır?
Bu kitabın bütöv adı “Məfatih əl-cinan”dır, ərəb dilindən tərcüməsi “Cənnətlərin kilidləri” deməkdir. Kitabı böyük cəfəri alimi Şeyx Abbas Qumi (1877-1941) tərtib etmişdir. O, XX əsrin ən böyük hədis mütəxəssislərindən sayılırdı. Ömrünü hədislərin tədqiqinə və müqəddəslərin həyatının təsvirinə həsr etmiş Şeyx Abbas Qumi mənbələrdə “xatəm əl-mühəddisin” (hədis alimlərinin möhrü) kimi xatırlanır. Onun qələmindən çıxmış “Səfinət əl-Bihar”, “Beyt əl-əhzan”, “Müntəha-l-amal”, “əl-Küna və-l-əlqab” kitabları da böyük elmi əhəmiyyətə malikdir.
“Məfatih əl-cinan” kitabında müxtəlif təyinatlı – xəstəliklərdən şəfa tapmaq, çətinilkləri həll etmək, təhlükələrdən amanda qalmaq üçün oxunan dualar, eləcə də, məsumların ziyarətnamələri toplanmışdır. Kitabın tərtibçisinin hədis və rical mütəxəssisi olması əsərin mötəbərliyini daha da artırır. “Məfatih əl-cinan” əsəri bir neçə onillikdir ki, dindarların daimi müraciət mənbəyidir və alimlər tərəfindən yüksək dəyərləndirilir.