Bu gün məscidlərdə dindarlar namaz qılaraq İd əl-Fitr (Ramazan) bayramını qeyd ediblər.
SalamNews-un verdiyi xəbərə görə, paytaxtın «Cümə», «Məşədi Dadaş», «Təzəpir», «Hacı Cavad» məscidlərində, «Hüseyniyyə» ibadətgahında, həmçinin ölkənin digər məscidlərində bayram namazı qılınıb. Səhər saatlarından etibarən minlərlə adam öz din qardaşları ilə birgə kütləvi ibadət mərasimlərində iştirak etmək üçün məscidlərə axışıb.
Bayram mərasimlərinə məscid axundları, imam-camaatlar və ölkənin dini elitasının digər məsul şəxsləri rəhbərlik ediblər. Mərasimlərdə dualar oxunub, bayram namazi qılınıb, dini xadimlərin xütbələri dinlənilib. Bayram namazı qılmaq istəyənlərin sayı o qədər çox olub ki, məscidlərdə yer olmadığından bəzi yerlərdə camaat küçələrdə dini ayinləri yerinə yetirmək məcburiyyətində qalıblar.
Bununla əlaqədar olaraq, bayram mərasimin rəhbərləri kütləvi ayinlərdə iştirak edə bilməyən şəxslər üçün ikinci dəfə bayram namazının qılınacağını elan ediblər. Məhz belə bir bayram əhval-ruhiyyəsi ilə ölkə dindarları yeni günə başlayıblar.
Bildirək ki, dünən Bakının "İlahiyyat", Qaraçuxur qəsəbəsində yerləşən məscid, həmçinin bir neçə digər məscidlərdə səhər saat 08:00-da bayram namazı qılınıb. Həmçinin dünyanın bir çox ölkələrində də İd əl-Fitr bayramı dünən keçirilib.
Fitr bayramı münasibətilə bütün Azərbaycan xalqını, müsəlmanları, həmçinin müqəddəs ay ərzində oruc tutmaqla islam qanunlarına riayət edən bütün dindarları təbrik edir. Hamıya Allahdan bağışlanmasını və xoşbəxtlik arzu edirik!