Oxucu sual verir: Namazın 1-ci rükətində təşəhhüdü və zöhr namazının ikinci rükətində salamları səhvən söyləyən adam səhvini necə düzəltsin?
Məlumdur ki, gündəlik namazların ikinci və sonuncu rükətində təşəhhüd deyilir, sonuncu rükətdə, namazın axırında salamlar verilir. Namaz qılan adam bunları qəsdən öz yerindən başqa yerdə desə, namazı batil olar. Amma unutqanlıq, çaşqınlıq, diqqətsizlik üzündən etsə, namaz düzgün sayılar. Əgər insan birinci rükətin axırında təşəhhüd söyləsə, namazı qılmağa davam etməlidir, ehtiyata görə namazı bitirəndən sonra iki səhv səcdəsi yerinə yetirsə yaxşıdır.
Əgər üç ya dörd rükətlik namazın ikinci rükətində səhvən salamları söyləsə, yenə namaza davam etsin, namazı bitirəndən sonra ehtiyata görə iki səhv səcdəsi yerinə yetirsin. Hər iki hal üçün namazda səhvən bir əməlin artıq və ya əskik yerinə yetirilməsinə görə ehtiyati-vacibə əsasən səhv səcdəsi edilməsi hökmü şamil edilir.