Oxucu sual verir: Ərlə arvad mübahisə edərkən arvad hirslənib “mən boşanıram, belə getsə boşanacağam, səninlə yaşamaq istəmirəm” kimi sözlər desə, onların evliliyinə dini cəhətdən təsiri olarmı?
Əvvəla, İslam qanunlarına görə talaq vermək hüququ ailədə kişiyə məxsusdur. Hətta qadın boşanmaq tələbi irəli sürdükdə belə, ərini buna razı salmalı və ərindən talaq almalıdır. İkincisi, yuxarıda deyilən sözlər hətta kişi tərəfindən söylənilsə belə, talağa səbəb olmaz. Yalnız dəqiq surətdə talağı ifadə edən sözləri bəlli şəraitlərdə söyləməklə talaq həyata keçir. Hətta kişinin “mən səninlə yaşamaq istəmirəm, evimdən get, aramızda hər şey bitdi” kimi sözlər deməsi ilə talaq əmələ gəlməz. Qadının isə ümumiyyətlə nə isə söyləməklə talaqlı sayılması mümkün deyil.