Oxucu sual verir: Səcdə zamanı möhürün hansı tərəfinə alnımızı qoysaq yaxşı olar?
Səcdə zamanı insan möhürün hansı üzünə istəsə alnını qoya bilər. Adətən, möhürlərin bir üzü hamar və yazısız, o biri üzü isə yazılı və ya şəkilli olur. Möhür hansı imamın məzarının torpağından hazırlanıbsa, həmin imamın və o torpağın adı orada qeyd edilir. Möhürün bu cür yazı və şəkil olan tərəfinə də səcdə etmək icazəlidir. Amma bu yazılar möhürün səthindən qabardılmış şəkildə seçilir və alnı möhürün üzərinə qoyanda ola bilər ki, alın möhürün bütün səthinə toxunmasın və möhürə toxunan hissə səcdə üçün kifayət etməsin. Həm də möhürün üzərinə çox səcdə etdikdə qara təbəqə yaranır. Onu təmizləmək üçün möhürün üstünü sürtüb hamarlamaq lazım gəlir. Əgər yazılı tərəfə səcdə olunsa, sürtülən zaman o yazı da silinəcək və möhürün hansı torpaqdan hazırlandığı xəbərsiz adam üçün naməlum qalacaq. Ona görə möhürün yazısız hamar üzünə səcdə etmək daha məsləhətdir.