Bu gün Bakı Ağır Cinayətlərə dair işlər üzrə Məhkəməsində hakim Eldar İsmayılovun sıdrliyi ilə Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov, onunla yanaşı - AİP sədrinin müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, Masallı ruhanisi Seyyid Fəramiz Abbasov və Quran hafizi Zülfüqar Mikayılzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
SalamNews xəbər verir ki, bugünkü məhkəmə iclasında Dəyanət Səmədovun vəkili vəsatət qaldırdı. Vəsatətdə Dəyanət Səmədov həyətində axtarış edən zaman aparılan video çəkilişin prosesdə göstərilməsini tələb etdi. Bu vəsatətə hakimlər tərəfindən etiraz olunmadı və bildirildi ki, növbəti iclaslarda lazım gələrsə, o video göstəriləcək.
Prosesdə Mövsüm Səmədovun vəkili Anar Qasımlı vəsatətlə çıxış etdi. O məhkəmənin videolentə alınmasının təmin edilməsini istədi. Bu vəsatət təmin edilmədi. Daha sonra vəkillər prosesin stenoqramının audio yazısının aparılmasını istədilər. Hakim bunun da əsassız olduğunu bildirib vəsatəti rədd etdi.
Anar Qasımov video və audio yazıların aparılmasının qanuna zidd olmadığını və bəzi hallarda məhkəmə katibinin deyilənlərin hamısını qeydə almadığını bildirdi. Hakim bu iradla razılaşmadı və katibin peşəkar olduğunu və deyilənlərin hamısının qeydə alındığını bildirdi.
Bu vəsatətlərin təmin edilməməsi təqsirləndirilən şəxslərin vəkillərindən imtina etməsinə səbəb oldu. Mövsüm Səmədov bildirdi ki, belə vəziyyətdə vəkilə ehtiyac yoxdur. O, məhkəməni ssenariləşdirilmiş şou adlandırdı. Vəsatətlərin təmin olunmadığı və hüquqi proseduralara əməl edilmədiyi halda vəkillərin iştirakına lüzum olmadığını bildirən Səmədov dediklərini yazılı şəkildə hakimə çatdırdı.
Hakimlər bununla bağlı yerindəcə müşavirə keçirdi. Bundan sonra hakim Eldar İsmayılov onların tələbinin müvafiq qanunvericiliyə əsasən təmin edildi. Lakin bildirdi ki, baxılan iş ağır cinayət hesab edildiyinə görə, təqsirləndirilən şəxslərin və onların vəkillərinin iştirakı olmadan prosesin keçirilməsi Cinayət Prosessual Məcəlləsinin tələblərinə ziddir. Buna görə də təqsirləndirilən şəxslər yeni vəkillərlə təmin olunmalı və prosesdə iştirak etməlidirlər.
Proses avqustun 28-də davam etdiriləcək.