Qroznıda Çeçenistanın birinci prezidenti Əhməd-Hacı Kadırovun 60 illiyi ilə bağlı “İslamda sufiliyin yeri və rolu” beynəlxalq İslam konfransı işə başlayıb.
SalamNews-un verdiyi xəbərə görə, konfransın işində xarici ölkələrdən gələn 60-dan çox tanınmış ilahiyyatçı, həmçinin Rusiyanın bölgələrini təmsil edən nümayəndələr iştirak ediblər.
Konfransda çıxış edən Çeçnistanın müftisi Sultan Mirzəyev deyib ki, sufi yönümlü İslam Çeçen xalqının etnosunu formalaşdıran mühüm amildir: “Sufilik Çeçen mentallığına və həyat tərzinə ciddi təsir göstərir”.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxulislam Allahşükür Paşazadə Azərbaycan prezidenti İlham Əliyevin konfrans iştirakçılarına və Çeçenistan prezidentinə müraciətini oxuyub. Azərbaycanın dövlət başçısı dünya müsəlmanlarına sülh və əmin-amanlıq diləyib.
A.Paşazadə növbəti “Sufiliyin İslamdakı rolu” konfransının Bakıda keçirilməsini təklif edib və təklif iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.