Oxucu sual verir: Əhli-süffə kimlər idi?
Mədinəyə hicrətdən sonra mühacirlərin böyük bir hissəsi ev-eşiksiz qalmışdı. Mədinədə onların nə qohumu, nə sərvəti, nə də evi vardı. Ona görə 400 nəfərə yaxın mühacir Peyğəmbər məscidinin kənarındakı geniş səkinin üstündə məskunlaşdı (“əhli-süffə” sözünün tərcüməsi də “səki əhli, səki üzərində yaşayanlar” deməkdir). Əhli-süffə gündüzlər səhradan odun toplayıb gətirir, boş vaxtlarını ibadət, dua və Quran tilavəti ilə keçirirdilər. Peyğəmbər əhli-süffəyə sayğı və nəvazişlə yanaşır, onlarla birlikdə əyləşir, çörək yeyir, söhbət edirdi. Süffə müsəlmanların ilk mədrəsəsi idi. Burada müsəlmanlara Qurani-Kərim, şəriət öyrədilirdi. Kənar məntəqələrdən Mədinəyə gələnlər də burada qalırdılar. Evi olmayan, ailəsini itirmiş, yaxud özünü elmə və ibadətə həsr etmiş mədinəlilər də süffədə məskunlaşmışdılar. Onların yaşayış xərcini imkanlı müsəlmanlar ödəyirdilər.
Bəzi məlumatlara görə, əhli-süffə ilk sufilər olmuşlar. Hətta “sufi” sözünün də buradan qaynaqlandığını iddia edənlər vardır.