Oxucu sual verir: Kərbəla şəhidlərinin arasında səhabə olubmu?
Kərbəlada İmam Hüseynin (ə) tərəfində döyüşüb şəhid olanların arasında hər yaş dövrünə və təbəqəyə mənsub şəxslər olmuşdur. Onların arasında bir neçə səhabənin olduğu da məlumdur. Dəqiq olan budur ki, aşağıda adı çəkilən səhabələr Kərbəlada şəhid olmuşlar: Müslim ibn Ovsəcə Əsədi, Əbdürrəhman ibn Əbdi-rəbbihi Ənsari və Ənəs ibn Haris (Hərs) Kahili. Bunların səhabə olması və Kərbəlada şəhadətə yetməsi bütün mənbələrdə öz əksini tapıb. Bunlardan başqa daha bir neçə Kərbəla şəhidinin də Peyğəmbəri (s) görməsi və səhabə olması qeyd edilib: Cündəb ibn Hicr Kindi, Əmmar (və ya Əmmarə) ibn Əbu Səlamə Dalani, Müslim ibn Küseyr Əzdi, Şəbib ibn Abdullah Nəhşəli, Cünadə ibn Hərs Səlmani, Mücəmme ibn Abdullah Aizi, Həbib ibn Müzahir Əsədi. Sonuncu 7 nəfərin səhabə ya tabiindən (səhabələrin tələbələrindən) olması mübahisəlidir.