Gürcüstanda azərbaycanlı müsəlmanlar yeni yaradılan Gürcüstan Müsəlmanları İdarəsinə (GMİ) qarşı imzatoplama aksiyasına başlayıblar.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə “Əhli-Beyt” jurnalının baş redaktoru Hacı Rizvan İsmayılov bildirib.
Onun sözlərinə görə, GMİ-yə qarşı aksiya keçirmək barədə qərar avqustun 19-da, Marneuli İmam Əli (ə) məscidində Məscid Şurasının və dindarların, Ali Dini Şuranın, “Vicdan” Dini və Milli Azlıqların Hüquqlarını Müdafiə Təşkilatının təşəbbüsü ilə qəbul edilib: “Bu aksiyanın nəticələri ölkə prezidentinə, əlaqədar nazirliklərə, Ombudsman Aparatına, bir çox beynəlxalq və hüquq müdafiə təşkilatlarına, xarici dövlətlərin səfirliklərinə təqdim ediləcək. Aksiyanın müddəti avqust ayının 19-dan sentyabrın 5-ə qədər müəyyən edilib. Az bir zamanda müxtəlif rayonlarda onlarla müsəlmanlar bu aksiyaya qoşularaq aktivlik nümayiş etdiriblər. Biz, aksiya təşkilatçıları olaraq, qəlbində dininə və milli-mənəvi dəyərlərinə sevgi daşıyan, onun gələcək müqəddəratına narahatçılıq keçirən bütün müsəlman həmvətənlərimizə müraciət edir, bu aksiyaya hərtərəfli dəstək göstərməyə çağırırıq”.
Qeyd edək ki, yeni təsis olunan Gürcüstan Müsəlmanları İdarəsində rəhbər qurumlara təyinatlar olub. Qurumun baş müftisi Camal Paksadze, baş şeyxi Vaqif Əkbərov, baş imamı Yasin Əliyev seçilib.