Penza vilayətin Paqanovqa kəndində özünü peyğəmbər elan edən Pyotr Kuznetsova inanan 29 nəfər mağaraya girərək dünyanın sonunu gözləyir
Rusiyanın Penza vilayətində qiyamət gününü mağarada qarşılamaq istəyən sekta üzvlərinin oradan çıxarılması istiqamətində aparılan danışıqlar uğursuzluqla nəticələnib.
Paqanovqa kəndi yaxınlığında 29 sekta üzvü özlərini ətrafdan təcrid edərək mağara içərisində qiyaməti gözləyəcəklərini bildiriblər. Rəsmilər hazırda soyuq mağaradan heç olmasa uşaqların çıxarılmasına müvəffəq olmaq istəyir.
Özünü peyğəmbər elan edən sekta üzvlərinin rəhbəri, 43 yaşlı Pyotr Kuznetsov isə ruhi xəstələr üçün nəzərdə tutulmuş xəstəxanaya yerləşdirilib.
Sekta üzvləri ilə danışıqlar onların yeraltı mağaraya daxil olmaları barədə ilk məlumatlar daxil olduqdan sonra başlayıb. İlk öncə sekta üzvləri rahat buraxılmalarını tələb etsələr də, daha sonra onlara mağaradan çıxmaq üçün güc tətbiq edilməsi halında özlərini partladacaqlarını bildiriblər.