ALLAHŞÜKÜR PAŞAZADƏ İSƏ XVI BENEDİKTİN MÜSƏLMAN DÜNYASINDAN ÜZR İSTƏMƏSİNİ TƏLƏB EDİR
Roma Papası XVI Benediktin Məhəmməd peyğəmbər barədə fikirləri Azərbaycanda da narazılıqla qarşılanıb. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə APA-ya açıqlamasında katolik kilsəsi rəhbərinin fikirlərindən təəssüfləndiyini bildirib. "Katolik kilsəsi rəhbərinin kütləvi informasiya vasitələrinə min il əvvəl yaşamış Bizans imperatorunun fikirlərini bölüşdüyünü ehtimal etmək imkanı verən çıxışından təəssüflənirəm". Qafqaz Müsəlmanları İdarəsi isə Roma papası 16-cı Benediktin islamın və Məhəmməd Peyğəmbərin ünvanına söylədiyi fikirlərə etiraz edən bəyanatla çıxış edib.
"AssA-İradə"nin məlumatına görə, bəyanatda papanın dedikləri milyonlarla müsəlmanın heysiyyatına toxunan bir hal kimi qiymətləndirilir və belə çıxışlar yolverilməz hesab edilir: "Elə təsəvvür yaranır ki, papanın səsləndirdiyi fikirlər son zamanlar Qərb dünyasında İslama qarşı məqsədyönlü, qərəzli çıxışlar zəncirinin bir həlqəsidir. Məyusluq doğuran bir haldır ki, belə fikirlər dünyanın dini liderlərindən birinin dilindən səslənir". Qafqaz Müsəlmanları İdarəsi dünya müsəlmanlarının tələblərini dəstəkləyərək Roma Katolik Kilsəsi rəhbərinin səsləndirdiyi fikirlərə aydınlıq gətirməsini və üzr istəməsini tələb edib. Xatırladaq ki, papa sentyabrın 12-də Almaniyanın Reqensburq Universitetinin tələbələri qarşısındakı məruzəsində Bizans imperatoru Manuli Paleoloqa istinadən Məhəmməd Peyğəmbəri dünyaya yalnız islamı qılıncla yaymaq və insaniyyətsizlik gətirməkdə günahlandırmışdı. Onun bu açıqlaması dünyadakı bütün müsəlman dövlətlərinin narazılığına səbəb olub.