Oxucu sual verir: Bir şəxs əvvəllər İslamdan başqa dində olubsa və ya Allaha inanmayıbsa, İslamı qəbul edəndən sonra əvvəlki illərin ibadətini (namaz və orucunu) qəza etməlidirmi?
İslam dini baxımından bir kəs müsəlmanlığı qəbul etdikdən sonra həyatında tam yeni səhifə açılır və əvvəlki həyatının üzərindən xətt çəkilir. Təsadüfi deyil ki, İslamı qəbul etməzdən əvvəl yol verilmiş bütün günahlar bağışlanır. Eləcə də, müsəlman olmazdan əvvəl insanın öhdəsində olan bütün dini borclar silinmiş olur. İslamın əqidə əsaslarına inanmayan şəxs İslamın şəriət hökmlərinin də icrasından azaddır. Ona görə də, İslamı qəbul edən şəxs yetkinlik yaşından başlayaraq qılmalı olduğu namazları və tutmalı olduğu orucları icra etməyə vəzifəli deyil. Bir daha təkrar edirik ki, bu, əvvəl müsəlman olmayıb, sonra İslamı qəbul edənlərə aiddir. Amma bir şəxs formal baxımdan da olsa müsəlman sayılırsa, yetkinlik yaşından etibarən ibadətlərini yerin yetirməlidir, vaxtında etmədiyi ibadətlərin qəzasını həyata keçirməlidir. Həmçinin, əvvəl müsəlman olan, sonra İslamdan başqa dinə keçən, daha sonra yenə İslama qayıdan adam İslamda olmadığı müddətin ibadətlərini qəza etməlidir.